Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 15 dekabr 2017-cı il tarixində Almaniyanın Humboldt Universitetində gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün təqdimat və kitab sərgisi təşkil edib.
Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilərək, universitetlərdə Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil olunub.
Tədbirdə Humboldt Universiteti “Azərbaycan tarixi” kafedrasının əməkdaşı doktor Rasim Mirzəyev açılış nitqi ilə çıxış edib. Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışaraq bildirib ki, artiq uzun illərdir Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır, ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirir. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətindən “Trend”-ə verilən məlumata görə, tədbirə təşkilati dəstəyi Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası, Alman-Azərbaycan Mədəniyyət Evi, EuroKaukaAsia Mədəniyyət və Elm Assosiyası, Almaniyada Azərbaycanlı Tələbələr və Alimlər Birliyi göstərib.