Cənubi Amerikanın nüfuzlu xəbər portallarında Bakı-Tiflis-Qars (BTQ) dəmiryoluna dair məqalə dərc olunub.
Xarici İşlər Nazirliyindən “Trend”-ə verilən məlumata görə, Azərbaycanın Argentina və Paraqvayda akkreditasiya olunmuş səfiri Rəşad Aslanov tərəfindən BTQ barəsində yazılmış məqalə Argentinanın Telam və Paraqvayın IP agentliklərinin xəbər portallarında yerləşdirilib. Məqalədə BTQ-nin texniki göstəriciləri və fəaliyyəti barəsində ətraflı məlumat verilib, bu layihənin regional və beynəlxalq səviyyədə müxtəlif müstəvilərdə əhəmiyyətindən bəhs edilib.
Bildirilir ki, bu strateji layihə yalnız regiondakı ölkələrin tranzit potensialının artırılmasına deyil, həmçinin onların iqtisadiyyatının və müstəqilliyinin möhkəmlənməsinə böyük töhvə verir. Bununla da, Asiya və Avropa arasında ticarət mübadiləsi və sərnişindaşıma xidmətləri Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən cari dəmir yolu vasitəsilə daha təhlükəsiz və zaman baxımından daha səmərəli şəkildə həyata keçiriləcək.