Avropa Şurasına üzv dövlətin quruma üzv olan digər dövlətin torpaqlarını işğal etməsi qəbuledilməzdir.
“Trend”-in məlumatına görə, bu fikir Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının təşkilatçılığı, “Hilal” İctimai Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə Fransa paytaxtındakı “Balzak” kinoteatrında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunmuş “XXI əsrdə qaçqın və girov məsələsi : Azərbaycan nümunəsində” adlı konfransda söylənilib.
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmiş konfransı açan vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışıb.
Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli filmi nümayiş olunub.
Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatına həsr olunmuş film doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.
1989-cu ildə Azərbaycana gələn M. Mardukayev qaçqın və məcburi köçkünlərlə görüşüb, onların söylədiklərini və öz gördüklərini lentə alıb. On beş il sonra yenidən ölkəmizə qayıdan rejissor həmin insanlarla yenidən görüşüb. Film qaçqın və məcburi köçkünlərin acınacaqlı talelərini nümayiş etdirir.
Filmin nümayişindən sonra Robert Şuman İnstitutunun vitse-prezidenti Florans Qabey və “Paris Match” jurnalının əməkdaşı, jurnalist-reportyor Jil Trişard Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların hüquqlarını müdafiə edən beynəlxalq hüquqi sənədlərdən, bu insanlara dəyən sağalmaz yaralardan və mənəvi zərbələrdən söz açıblar, qaçqınlıq həyatına məruz qalan insanların keçirdiyi daxili sarsıntılardan danışıblar.
Daha sonra çıxış edən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov və ATXƏM-in icra katibi İlqar İlkin öz doğma torpaqlarında ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə diqqət çəkiblər. Azərbaycanlı girovlar haqqında məlumat verilib və onların qanunsuz məhkəmə tərəfindən məhkum olunduqlarını qeyd edilib.