Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.
Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş "Marağa-150" abidəsi ilə yerində tanış olacaqlar.
“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib. Onlarda çox yüksək təəssürat yarandı”.
APA-nın xəbərinə görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, diplomatlar Azərbaycan dövlətinin siyasətində məhz insan amilini və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər.