Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
Baki-xeber.com Azərbaycan Prezidentinin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb. Sonra fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.
Bunun ardınca İranın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Daha sonar Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər.