Uzun müddət ABŞ-da yaşamış İran alimi Şəhram Əmiri Tehranda edam olunub.
Baki-xeber.com-un BBC-yə istinadən xəbərinə görə, bu barədə alimin ailəsi xəbər verib. Cənazəsini təhvil alan yaxınları bildiriblər ki, onun boynunda ip izləri aydın görsənir.
Xəbərdə o da bildirilir ki, Şəhram Əmiri 2009-cu ildə Məkkə ziyarətinə gedib, lakin sonradan yoxa çıxıb. Bundan sonra ABŞ-da peyda olan alimin orada Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən zorla saxlandığı iddia olunub. ABŞ özünün oğurlanma olayına dəxli olmadığını iddia edib. 2010-cu ildə ABC News xəbər verib ki, nüvə fizikası üzrə alim Birləşmiş Ştatlara qaçaraq, İranın nüvə proqramı üzrə informasiya toplamaqda MKİ-yə kömək edib. Daha sonra isə Ağ Ev bəyan edib ki, Şəhram Əmiri könüllü ABŞ-a qaçaraq Vaşinqtona önəmli informasiyalar verib.
2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri burada qəhrəman kimi qarşılanıb, lakin çox keçmədən uzun sürən bir həbsxana həyatı yaşamağa məhkum olub.