Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən baki-xeber.com-a verilən məlumata görə, E.Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğuladı.
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bert Şufsu da qəbul edib. Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.