APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.
Bu proses bu gün başa çatıb. Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, MSK Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar dairələrdə seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, şikayətlərlə əlaqədar seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədlərin statusunu dəyişdirəcək qərarlar verilməyib. MSK yalnız noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsindən 17-də seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib.