Niderland Krallığının "Ned2” dövlət televiziyasında "Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Baki-xeber.com-un xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, film mərkəzi ofisi Brüsseldə yerləşən "A.R.D.A. Production” şirkəti tərəfindən hazırlanıb.
Şirkətin rəhbəri Fikrət Aydemirin sözlərinə görə, filmdə Avropanın son illərin ən böyük köç dalğası qarşısında çarəsiz vəziyyətdə qaldığı, qaçqınların parklarda gecələdikləri bir vaxtda Dağlıq Qarabağ problemi və Azərbaycanın yaşadığı qaçqın problemi bir daha xatırlanır.
"Qarabağ faciəsi”nin yaradıcı heyəti 30 dəqiqəlik sənədli filmdə Dağlıq Qarabağda baş verənləri mümkün qədər tam açıqlığı ilə göstərməyə çalışıb. Filmdə, 25 ildən çox keçməsinə baxmayaraq, münaqişənin hələ də həllini tapmaması təəssüf hissi ilə vurğulanır. Müharibə zamanı doğma torpaqlarını tərk etməyə məcbur olan Dağlıq Qarabağın azərbaycanlı əhalisinin qətliamlara məruz qaldığı, Dağlıq Qarabağın və ətraf rayonların XX əsrin ən qanlı soyqırımına şahid olduğu Niderland tamaşaçısının diqqətinə çatdırılır.
Son iki ildə Niderland dövlət televiziyası üçün müntəzəm olaraq sənədli filmlər hazırlayan "A.R.D.A. Production”ın Dağlıq Qarabağdan bəhs edən bu filminin ərsəyə gəlməsinə Diasporla İş üzrə Dövlət Komitəsi də fəal dəstək göstərib.