Dünən Milli Təhlükəsizlik Nazirliyi Baş idarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub. A.Çovdarovun sözügedən idarədə 4 saat ərzində ifadə verdiyi bildirilir. Baki-xeber.com-un əldə etdiyi məlumata görə, ifadəsinin ardından o, Nərimanov rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb. Bu gün günorta saatlarında onun yenidən Ağır Cinayətlərə dair İdarədə dindiriləcəyi bildirilir. Bundan sonra onun hansı maddə ilə təqsirləndirildiyi bəlli olacaq. Hələlik isə Akif Çovdarovun hansı cinayət əməlində şübhəli bilindiyi və nə ilə bağlı ifadə verdiyi açıqlanmır.
Hüquq-mühafizə orqanlarındakı adının açıqlanmasını istəməyən mənbə Akif Çovdarovun dindirildiyi saatlarda özünün, oğlunun və kürəkəninin həm evlərində, həm də bağlarında axtarış aparıldığını da bildirib. Mənbənin sözlərinə görə, eks rəisin bir neçə yaxın qohumunun da evində axtarış aparılıb.