2 ildən bir qədər artıq müddətdir ki, bir qrup jurnalist Prezident sərəncamı ilə tikilən binada ölkə başçısının hədiyyə olaraq verdiyi və təqdimatında özünün də iştirak etdiyi rahat mənzillərdə yaşayır. Binanın yaraşığına, möhkəmliyinə, mənzillərin hər cür şəraitlə təmin olunmasına, təbii ki, söz yoxdur. Lakin məsələ burasındadır ki, ərazinin sakini olduqları gündən jurnalistlər yol problemindən gileylidir. Belə ki, bura istər maşınla, istərsə də piyada gəlməyin müəyyən çətinlikləri var. Əsas çətinlik isə binanın düz qarşısından keçən yolun birtərəfli olması ilə bağlıdır. Belə ki, binanın həyətindən çıxan maşın yalnız şəhərin mərkəzi istiqamətində hərəkət edə bildiyindən, əks istiqamətə getməli olanların narahatlığına və narazılığına səbəb olur. Piyadalardan isə heç söz açmağa dəyməz. Çünki onlar avtobus dayanacağına getmək üçün kifayət qədər uzun yol qət etməli olur ki, bu ailələrdə ahıl insanların, xəstələrin, uşaqların da olduğu nəzərə alınarsa, haqlı narazılıq yaradır.
Əslində jurnalistlər problemi ilk gündən qabartmağa səy göstəriblər. Lakin əlaqədar qurumlar binanın qarşısından keçən yolu ikitərəfli hərəkət sisteminə keçirməyin mümkünsüz olduğunu bildiriblər. Səbəb kimi isə yolun şəhərin girişi olduğu göstərilib və bu yoldan marşrutun açılması imkansız sayılıb.
Lakin aldığımız xəbərə görə, problemdən çıxış yolu tapılıb. Belə ki, artıq yolun ikitərəfli hərəkət sisteminə keçirilməsi yönündə işlərə start verilib. Şəkildə gördüyünüz yolun Bibiheybət məscidi qarşısından başlayan hissəsidir. Müşahidələrimizə görə, ərazidə sözügedən istiqamətdə çox intensiv iş gedir. Bu isə yaxın zamanlarda jurnalistlərin yol probleminin çözüləcəyindən xəbər verir.
Yolunuz, yolumuz açıq olsun!