2001-ci ilin 11 sentyabr faciəsini yaşamış Nyu-Yorkda Parisdə ötən gecə baş vermiş terror aktlarına çox təsirli yanaşma ortaya qoyulub. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, həmin terakt nəticəsində dağıdılan Ümumdünya ticarət mərkəzinin yerində tikilən yeni göydələnin qülləsində işıqlarla Fransa bayrağı əks olunub. Ölkədə bayraqların endirildiyi bir gündə bu bayrağın digər ölkədə bu şəkildə ucaldılması həqiqətən təsirli səhnədir. Nyu-Yorkun qubernatoru Endryu Kuomo deyib ki, işıqlı bayraq qüllədə bir neçə gün qalacaq. "Biz təntənəli şəkildə Fransa xalqına həmrəyliyimizi bəyan edirik, eyni şeyi onlar da bizə faciə üz verən zaman etmişdi” – Kuomo deyib.
"Biz onların kədərinə qoşulur, ölənlər üçün dua edir, yaxınlarını itirənlərin dərdinə şərik oluruq” – qubernator əlavə edib.
Xəbərdə o da qeyd olunur ki, Fransanın dünya ölkələrindəki səfirliklərinə insanların gül dəstələrilə axını davam edir.