Ədliyyə Nazirliyi Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və 1 dekabr 2015-ci il tarixində başa çatdırılması qərara alınıb.
Bir daha xatırladılır ki, hazırki müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini Nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, ərizə Nazirlikdə və ya regional ədliyyə şöbələrində, yaxud poçt vasitəsilə də təqdim edilə bilər.
Eyni zamanda müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə noyabr ayının 16-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edilir. Bununla əlaqədar namizədlər birbaşa Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon: (012) 493-71-31).
Həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində yerləşdirilib, eyni zamanda bu sənədlər Nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.
Test imtahanının tarixi və digər məsələlər barədə məlumat veriləcəkdir.
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-09-90 nömrəli telefonlar vasitəsilə əlavə operativ informasiya almaq olar.