Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
Trend-in məlumatına görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış İlhamiyyə Rza, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vəfa Rüstəm, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Hafiz Babalı və 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədliyi Azərbaycan Demokrat Partiyasından qeydə alınmış Rəşid Mansurov MSK-ya müraciət edərək seçki prosesində qanun pozuntularına yol verildiyini iddia ediblər.
Bildirilib ki, MSK-ya daxil olan müraciətlər ekpert qrupu tərəfindən araşdırılıb. Müraciətçilər tərəfindən təqdim olunan sübutlar şübhəli olduğundan mötəbər hesab edilməyib. Bu baxımdan müraciətlər əsassız hesab edildiyindən təmin edilməyib.
"Seçki prosesində kiminsə videoçəkiliş aparmasına biz heç bir etiraz etmirik, ancaq insanların konstitusion hüquqları var, əgər kimsə videoçəkilişə etiraz edirsə, çəkiliş aparıla bilməz”. Bunu MSK sədri Məzahir Pənahov iclasda deyib.
M.Pəhanov bildirib ki, beynəlxalq müşahidəçilər də bunu dəstəkləyir: "Bizim üçün beynəlxalq müşahidəçilərin rəyi daha vacibdir. Fərdi insanların özlərinin məsələyə nə cür yanaşması onların özlərinin şəxsi işidir. Əgər kimsə icazə olmadan videoçəkiliş aparırsa, o, vətəndaşların konstitusion hüquqlarını pozmuş olur və bu, sübut kimi qəbul oluna bilməz”.
Qeyd edək ki, bəzi deputatlığa namizəd olmuş insanlar seçki məntəqələrində aparılmış videoçəkilişlərin sübut kimi qəbul olunmamasından şikayətlənirlər.