Əfqanıstanın təhlükəsizlik qüvvələri "İslam dövləti” terroçu qruplaşmasına qoşulmağa cəhd göstərən Tacikistan vətəndaşını həbs edib. Baki-xeber.com-un xəbərinə görə, "İnterfaks” bu barədə məlumatı Əfqanıstan təhlükəsizlik xidmətinin mətbuat xidmətindən əldə edib.
Xidmətin xəbərinə görə, Düşənbə sakini Nusratullo Qaniyev 12 noyabr tarixində Tahar əyalətində xüsusi əməliyyat nəticəsində tutulub. Xidmətdən o da bildirilib ki, Qaniyev İŞİD-lə bağlı olub və təşkilatın Tacikistanın sərhədyanı bölgələri olan Daşti Arçı və Xoca Qar vilayətlərində planlaşdırdığı əməliyyatlara qoşulmaq niyyətində olub. Qaniyev artıq etiraf edib ki, işləmək niyyətilə getdiyi Rusiyada olarkən internet vasitəsilə Əfqanıstandakı İŞİD üzvlərilə tanış olub. Onun sözlərinə görə, terrorçu təşkilatın nümayəndəsi onu "cihad”a dəvət edərək, hansısa Aleksandrın adına onun üçün 20 min avro pul köçürüb. Pulu aldıqdan sonra Qaniyev Azərbaycandan keçməklə İrana, oradan da Əfqanıstana gedib.