Azərbaycanda belə bir deyim var: kasıbın günü varlının pulunu saymaqla keçər. Bunu dədələrimiz o mənada deyib ki, bəziləri bir işin qulpundan yapışıb pul qazanaraq kasıblığın daçını atmağa cəhd eləməkdənsə, oturub qonşusunun gəlir-çıxarını hesablamaqla məşğul olur, nəticədə özünə bir gün ağlamağa sadəcə zamanı qalmır.
Bu məsəli elə-belə xatırlamadım. Məsələ burasındadır ki, bədnam qonşularımız nə qədər Azərbaycanı dünyanın gözündən salmağa çaba göstərsə də, buna nail olmayacağını anlayıb indi də Azərbaycanda guya yaşayış şəraitinin getdikcə pisləşdiyini, bu üzdən də iş adamlarının və məmurların öz bizneslərini ölkədən kənara çıxardığını iddia edir. Bu barədə yazı ilə Ermənistanın panorama.am saytı çıxış edir. Saytda yer alan yazıda Azərbaycanda bankların ötən illərlə müqayisədə daha az kredit verdiyi və daha nələr haqqında Azərbaycan saytlarından götürdükləri rəqəmlər az qala faciəvi şəkildə təqdim olunur, Azərbaycanın bank sisteminin 2011-ci ilin səviyyəsinə qədər gerilədiyi bildirilir. Bu halda soruşmaq istəyirsən: bəs sizin banklar hansı sıçrayışlara imza atıb və əhaliyə hansı "xoşbəxtlikləri” təklif edir? Özü də bu fikirləri o zaman səsləndirirlər ki, əksər Avropa ölkələri iqtisadi böhranın məngənəsində boğulduğu halda Azərbayan müvazinətini itirmir və planlaşdırılan sosial layihələrinin heç birini də dayandırmır.
Ermənistana gəldikdə isə, faktdır ki, son illər onun əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bunu sözügedən ölkənin istər rəsmi şəxsləri, istərsə də müxalifət funksionerləri dəfələrlə açıq şəkildə dilə gətiriblər. O halda məntiqi sual yaranır: əcəba, ölkəsindəki dözülməz həyat şəraiti üzündən xaricə axın edən, ara-sıra Azərbaycana da üz tutan ermənilərdən danışmaqdansa, erməni saytları niyə Azərbaycan məmurlarının biznesinin dərdinə düşüb, hay?
Bəlkə bir az da öz gününüzə nəzər salasız?