Erməni saytları bu gün günorta saatlarında Ermənistanın Tavuş rayonunun Koti kənd sakini, 76 yaşlı Lusik Abovyan adlı qadının Azərbaycan tərəfinə keçməsilə bağlı məlumat yayıb. Ermənilərin panorama.am saytı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəsi Zara Amatuninin bu faktı hər iki tərəflə dəqiqləşdirdiyini də məlumata əlavə edib. Ən maraqlısı odur ki, sayt Koti kəndinin icra nümayəndəsi Feliks Məlikyana istinadən Lusik Abovyanın ailəsinin normal maddi təminat şəraitində yaşadığını, fiziki-psixoloji cəhətdən çox sağlam olduğunu, 4 övladı və nəvələrinin olduğunu bildirib. Məlikyan başqa heç bir söz deməyib. Ancaq onun dediklərində aşkar təəccüb doğuran məqam odur ki, tam sağlam və normal maddi təminat şəraitində yaşayan, üstəlik ahıl yaşına çatmış düşüncəsi yerində bir insan Azərbaycana niyə qaçıb. Bəllidir ki, erməni mediası bəzi mətləblərə töxunmur, bəzilərini isə təhrif edir. Görünən odur ki, erməni qarısı ya xüsusi məqsədlə göndərilib, ya da onun normal maddi yaşayışı ilə bağlı deyilənlər yalandır və çarəsiz qarı, sadəcə olaraq, Ermənistandakı dözülməz şəraitdən başını götürərək düşmən ölkə dedikləri Azərbaycana qaçıb.