Öz məkrli xislətini hər düşən fürsətdə büruzə verən Sarkisyan rejimi Azərbaycanla atəşkəs mövzusunda da dünyanın gözünə kül üfürməkdə davam edir. Bunu görmək üçün onların Panorama.am kimi rejimə qul sədaqəti göstərən saytlarına vizual nəzər salmaq kifayətdir. Söz yox ki, istənilən mətbu orqan ölkəsinin yeritdiyi siyasətə dəstək verməlidir. Lakin bu siyasət həyasızcasına yalan üzərində quruluba, ona xidmət, ən azı, operativ və qərəzsiz xəbər daşıyıcısı missiyasını yerinə yetirməli olan jurnalistin peşə etikasına ziddir.
Buna nümunə olaraq adıçəkilən saytın qondarma "Dağlıq Qarabağ Respublikası”nın qondarma "müdafiə nazirliyinə” istinadən yaydığı xəbəri göstərə bilərik. Sayt yazır ki, guya Azərbaycan tərəfi dünən atəşkəs rejimini 60 dəfə pozub. Axı bugünə kimi dünyanın hansı ölkəsi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıdı ki, hələ bir onun müdafiə nazirliyi də ola? Digər tərəfdən, dünyada kim bilmIr ki, atəşkəs rejimini pozan ermənilərin özləridir? Hətta bu yaxınlarda qoşunların təmas xəttində monitorinq aparmaq istəyərkən atəş altına düşən Minsk Qrupunun həmsədrləri bunu öz gözləri ilə gördülər. O halda maraqlıdır, bu mənasız yalanlar kimə və nəyə hesablanıb?