"İslam dövləti” terrorçu qruplaşmasının "Kiberxəlifət” haker qrupu 54 min tvitter akkauntunu sındıraraq həmin səhifələrə MKİ və FTB başçılarının telefon nömrələrini yerləşdiriblər. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə The Daily Mail qəzeti yazıb.
Xəbərdə bildirilir ki, hakerlər bununla öldürülən Britaniya əsilli liderləri Cüneyd Hüsseynin qisasını alıblar. Sındırılmaya məruz qalan akkauntların əksəriyyəti Səudiyyə Ərəbistanında qeydiyyatdan keçib, lakin onlar arasında Britaniyada qeydiyyatdan keçənlər də var.
Daha öncə bəlli olub ki, Suriyada PUA-ların hücumu nəticəsində, çox böyük ehtimalla, İŞİD-in ən məşhur hakeri Cüneyd Hüsseyn öldürülüb. Birmingem əsilli hakerin "Kiberxəlifət” qrupunun rəhbəri olduğu bildirilir. Həmin qrup daha öncə Pentaqonun saytını dağıtmaqla gündəmə gəlmişdi. 2012-ci ildə Britaniya baş naziri Toni Bleyerin şəxsi məlumatlarını oğurlamaqla məhkum olunan haker Əbu-Hüseyn əl-Britani adını qəbul etmişdi.