Prezident İlham Əliyev ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-xeber.com-un Prezidentin rəsmi veb səhifəsinə istinadən xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.
Ölkəmizə ötən səfərini xoş təəssüratla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğulayıb, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.