Ötən gecə Türkiyənin sahil mühafizə xidməti Muğla vilayətinin Bodrum rayonunda qeyri-leqal şəkildə Yunanıstanın Koç adasına keçməyə çalışan ümumilikdə 82 miqrantı saxlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Belə ki, sahil xidməti son dəqiqədə içində 27 miqrantın olduğu üç qayığı Bodrumun 150 kilometrlik məsafəsində üzən yük gəmisi ilə toqquşmadan xilas edə bilib. Miqrantlar jandarmaya təhvil verilib. Sahil mühafizə xidmətinin əməliyyatı gecə boyu davam edib. Təhlükəsizlik qüvvələri göyərtəsində 55 nəfər miqrantın olduğu daha bir qayığın küləkli havada – 3 metrə qalxan dalğaların üzərində üzdüyünü fərq edib. Miqrantlar son anda qurtarılaraq jandarmaya təhvil verilib. Aralarında 7 aylıq körpənin də olduğu uşaqların xüsusilə soyuqdan donduğu bildirilir. Onlara ilk yardım göstərilib, yemək və isti adyallar verilib.