Kimyəvi Silahların Tətbiqinə qarşı Təşkilatın məxfi hesabatına əsasən, avqust ayında Suriyada qadağan olunmuş zəhərli iprit (xardal) qazından istifadə olunub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinin xəbərinə əsasən bildirir.
İprit qazı 21 avqustda Suriyanın şimal-qərbində, Aleppo yaxınlığındakı Marea şəhərində tətbiq olunub. Təşkilatın hesabatına görə, azı iki nəfər zəhərlənib, bir azyaşlı isə dünyasını dəyişib.
Hesabatda qadağan olunmuş silahın konkret kim tərəfindən tətbiq edildiyini açıqlamayan təşkilat başqa bir araşdırmanin nəticəsi olaraq bildirir ki, bu ilin mart ayında isə İdlibdə xlor qazının tətbiq edildiyi aşkarlanıb.
Qeyd edək ki, 2013-cü ildə Suriya bu təşkilata üzv olduqdan sonra bütün kimyəvi silahlar ölkədən çıxarılıb. 2014-cü ildə isə bütün kimyəvi arsenal Aralıq dənizinin beynəlxalq sularında hidroliz vasitəsilə məhv edilib.