Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub. Baki-xeber.com-un Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbərinə görə, Görüşdə ilk çıxış edən Gürcüstan prezidenti Georgi marqvelaşvili Azərbaycan prezidentini salamlayaraq, ona Gürcüstana səfər etdinə görə təşəkkürünü bildirib.
Çoxdan bu səfərin intizarında olduğunu deyən G.Marqvelaşvili daha sonra bildirib:” Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək”. Səmimi qəbula görə təşəkkürünü bildirən İlham Əliyev yenidən Gürcüstanda olmağından məmnunluğunu bildirib, bu səfərin nəticələrinin iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb. Azərbaycan Prezidenti dahasonra deyib: "Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin.
Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik”.
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıb.