ATƏT-in hazırkı sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Baki-xeber.com-un ATƏT-in mətbuat xidmətinə istinadən xəbərinə görə, ona Azərbaycan -Ermənistan təmas xəttində son vəziyyət və Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıqlar prosesi barədə məlumat verilib. Daçiç təmas xəttində son eskalasiyanı qətiyyətlə pisləyib və tərəfləri maksimal təmkin nümayiş etdirməyə çağırıb. ATƏT sədri, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün tərəfləri danışıq prosesinin irəliləyişinə çağırıb.
Qeyd edək ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralı var.