Yaponiyanın baş meteorologiya idarəsi Sakit okeanda başlayan "Dujuan” tufanının cənub-şərq istiqamətindən arxipelaqa yaxınlaşması barədə xəbərdarlıq edib. Tufanın təzyiq gücü 996 hektopaskal qiymətləndirilir. Küləyin sürəti saniyədə 18 metrdən 25 metrə qədər çatır. Həftə sonuna tufanın Yaponiyanın şərq sahillərinə çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, sentyabr ayı ərzində "Etau” və "Kilo” tufanlarının gətirdiyi leysan yağışları 7 nəfərin ölümünə, 40 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olub. Belə ki, leysan yağışlarının İbaraki prefekturasında Kinuqava çayının daşması nəticəsində damba dağılaraq su Dzyoko şəhərini basıb. Nəticədə 12 min ev su altında qalıb. Ümumilikdə isə 40 kvadrat kilometr ərazini sel ağuşuna alıb. Ertəsi gün leysan yağışlarının Miyagi prefekturasında başlaması ilə həmin hadisə Osaki şəhərində yaşanıb.
Hazırda isə ölkədə daha bir yaxınlaşan təbii fəlakətin həyəcanı yaşanır.