Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, NATO Rusiya sərhədlərinə doğru genişlənəcəyi təqdirdə, cavab tədbirlərinin görüləcəyini deyib. Bu barədə baki-xeber.com "İnterfaks”a istinadən xəbər verir. O, xüsusilə qeyd edib ki, "Ukrayna rəhbərliyinin bəzi üzvlərinin bənzər planları təəssüfdən başqa bir hiss doğurmur”. "Əlbəttə, bu tip təşkilatların sərhədlərimizə doğru istənilən addımı bizi əks tədbirlər görməyə vadar edir”- deyə o, Agentliyə açıqlamasında qeyd edib.
Xatırladaq ki, bu günlərdə NATO baş katibi Yens Stoltenberq ilə Ukrayna rəhbərliyinin müdafiə-texniki əməkdaşlığın inkişaf etdirilməsi üzrə sənəd imzaladığı bəlli olub. Eyni zamanda o da bildirilir ki, NATO ilə Ukrayna arasında NATO-nun Ukraynada ofisinin statusu haqqında razılaşma və strateji kommunikasiya sahəsində "yol xəritəsi” imzalanıb. Hazırda Stoltenberq Ukrayna səfərini başa vurmaq üzrədir. Səfər sonunda onun milli təhlükəsizlik və müdafiə şurasının iclasında iştirakı planlaşdırılır. Ukrayna rəhbərliyi danışıqlar prosesinin alyansla əməkdaşlığa "rəsmi təkan verəcəyinə” ümid edir. NATO baş katibi səfər zamanı Kiyevə mənəvi dəstəyini də əsirgəməyib. O bəyan edib ki, alyans Donetsk və Luqansk "xalq respublikalarında” keçirilən seçkiləri tanımır.