Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib. "Trend”-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobusun sürücüsü arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib. 10-dan artıq yaralı isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb. Belə ki, yaralılardan daha bir nəfər ağır yaralı-qadın xəstəxanada dünyasını dəyişib.