ABŞ-ın yüksək səviyyəli generalı evlərindən didərgin düşən insanların hava hücumları və Suriya hökumət qüvvələrindən qorunması üçün bufer və uçuşlara qadağa zonasının yaradılmasını tövsiyə etmədiyini deyib.
"Report"un "Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Mərkəzi Komandanlığının başçısı, ordu general Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsinə bildirib ki, qaçqınların müdafiə edilməsi üçün quru qüvvələri olmalıdır, lakin hazırda bu qüvvələr orada yoxdur.
Komitə sədri, senator Con Makkeyn general Ostinə Suriyadan kütləvi qaçqın axını davam edərsə ABŞ-ın nə etməli olduğu haqda sual verib. "Bu dəhşətli faciədir və beynəlxalq ictimaiyyət bu istiqamətdə birgə işi davam etdirir. Biz ümid edirik ki, qaçqın axını davam etdikcə daha çox ölkənin yardım göstərəcəyini görəcəyik”-deyə general bildirib.
Makkeyn Suriya prezidenti Bəşər Əsəd hökumətini qaçqınlara çəllək bombaları atmaqda və onları qətlə yetirməkdə ittiham edib. General Ostin, həmçinin, Rusiyanın Latakiya limanında hərbi hava bazası yaratması və Bəşər Əl-Əsədi dəstəkləmək üçün Suriyaya əsgəri qüvvə və silah göndərməsinə münasibət bildirib.