"Biz açıq şəkildə müzakirələr apardıq, həm iki tərəfli, həm də geniş tərkibdə çoxlu məsələlərə müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı geniş müzakirələr apardıq". Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
E.Məmmədyarov daha sonra deyib: "İnanırıq ki, gələn ilin əvvəli və ya bu ilin axırına Türkiyə öz tərəfində işləri tamamlayacaq. Ondan sonra insanlar qatarlarla Türkiyəyə gedə biləcək. Bu layihə təkcə üç ölkə üçün deyil, bir sıra ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Çin də bu dəmir yoluna böyük önəm verir".
Nazir qeyd edib ki, biz müzakirələrdə regional məsələlərə də, Suriyada miqrantlarla bağlı məsələyə də toxunduq: "Azərbaycanda məcburi köçnün və qaçqın problemi var və biz bunu başa düşürük. Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində birbaşa dəstəkləyir və biz buna görə Türkiyəyə təşəkkür edirik".
Türkiyənin xarici işlər naziri isə Türkiyənin uzun illərdir, terrorizmə qarşı mübarizə apardığını deyib: "Terroristlərin iqtisadi layihələri hədəfə alması hər zaman müzakirə mövzusu olub və bunun üçün tədbirlər görülür".
Ferudin Sinirlioğlu deyib ki, təhlükəsizlik, terrora qarşı mübarizə üçün lazımi tədbirlər görülür: "Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür".
O bildirib ki, Tükriyə ilə Azərbaycan yalnız qardaş ölkə deyil, eyni zamanda strateji tərəfdaşdır. Nazir deyib ki, Azərbaycan bu bölgənin sürətlə inkişaf edən bir ölkəsidir və Türkiyə buna çox sevinir: "Biz Azərbaycannın bu bölgədə oynadığı rola əhəmiyyət veririk və hər zaman Azərbaycanın yanındayıq, bundan sonra da olacağıq".
Ferudin Sinirlioğlu qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı bölgənin inkişafı qarşısında duran ən böyük problemdir və Türkiyə bu problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll edilməsini vacib sayır: "Bu problemin həlli bundan sonra bölgənin inkişafı üçün böyük yol açar. Dünya birliyi bunu nə qədər tez anlasa, bir o qədər önəmli olar".
Nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə enerji sahsində də səmərəli əməkdalıq edir: "Ölkələrimiz arasında ticarət dövriyəsinin inkişafına da xüsusi diqqət yetirilir".