Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.
Azərbaycan Ordusu tərəfindən vurulan, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qalıqları Ağdam rayonunun Bəybabalar kəndinin ərazisinə düşüb.
Kənd sakini Tural Bayramov bildirib ki, əvvəlcə güclü partlayış səsi eşidilib. "Daha sonra evimizin həyətinə dəmir parçaları yağdı. Məhv edilən aparatın qalıqları kəndin təsərrüfat sahələrinə də tökülüb", - deyə T. Bayramov qeyd edib.