Prezident İlham Əliyevi müvafiq sərəncamına əsasən ölkənin dərman bazarında islahatlar davam edir. Artıq bu gündən etibarən islahat nəticəsində qiyməti dəfələrlə endirilərək sadə əhali üçün daha əlçatan edilən dərmanların ilkin mərhələsinin satışına başlanıb. "Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub". Baki-xeber.com-un məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Şura sədri deyib ki, hazırda Şuranın Katibliyinə təqdim olunan məlumatlar araşdırılır: "Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur".
Nazir bildirib ki, böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək: "Bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Bir daha qeyd edim ki, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənən dərman vasitələri, onların qiymətləri və yeni qiymətlərin qüvvəyə minmə tarixləri barədə məlumatlar KİV vasitəsilə ictimaiyyətə çatdırılacaq".