Amerikanın nüfuzlu The Wall Street Journal nəşri maraqlı yazı ilə çıxış edib. Amerikalıları artıq illüziyalardan imtina edib həyata real nəzərlərlə baxmağın tövsiyə olunduğu yazıda Obama administrasiyasının yürütdüyü xarici siyasətin təkcə Amerika üçün deyil, Avropa üçün də katastrofik sonluğa gətirib çıxardığı birmənalı qeyd olunur. Nəşr yazır:”Prezident Obama amerikalılara deyirdi ki, Suriyadakı vətəndaş müharibəsindən kənarda durur. Lakin məsələ burasındadır ki, Suriyadakı vətəndaş müharibəsi Amerikadan kənarda durmur. İndi də Ağ Ev bəyan edir ki, 2016-cı ildə Obama ABŞ-ın 10 min suriyalı qaçqın qəbul etməsini istəyir”. Nəşr diqqətə çatdırır ki, ABŞ ərazisində artıq göstərilən rəqəmdən altı dəfə artıq suriyalı qaçqın yerləşdirilib və elə bu ilin sonuna kimi əlavə neçə on min qaçqının gələcəyi də istisna olunmur. Bu halda isə nəşr diqqəti çox vacib bir detala çəkərək yazır:”Amerikanlar əliaçıqdır və şübhəniz olmasın ki, orada qalarsa ölümdən qaça bilməyəcək insanları ürək genişliyilə qəbul edəcək. Amma bu halda onu da bilin ki, bu insan kütləsinin içində "İslam dövləti” və "Əl-Qaidə” də öz adamlarını asanlıqla ölkəyə yerləşdirəcək, bunun məsuliyyəti isə Obama administrasiyasının üzərində qalacaq”.
Nəşrin gəldiyi qənaətə görə, bu gün dünyada baş verənlər məhz Obama administrasiyasının bərbad xarici siyasətinin acı meyvələridir və illüziyalardan imtina etməyin zamanı çatıb.
Baki-xeber.com