Dava zamanı karaoke-barın sahibinin oğlu, milləyyətcə erməni olan şəxsin ov silahından açdığı atəş nəticəsində azərbaycanlı, əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu yaralanıb.
Eduardın dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu öz maşınlarında xəstəxanaya aparıblar. Lakin insident yolda da davam edib. Belə ki, davanın iştirakçısı olan şəxslər 4 avtomobildə yaralını aparan avtomobili təqib edərək atəş açıblar.
Dostları boyun nahiyəsindən ağır yaralanan Eduardı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hüquq-mühafizə orqanları qətl hadisəsini törətməkdə şübhəli bilinən 34 yaşlı ermənini saxlayıblar.
Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib ki, sentyabrın 13-də odlu silahla qətlə yetirilən azərbaycanlı Hacımurad (Eduard) Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib. Onun sözlərinə görə, 24 yaşlı Hacımurad doğulduğu Balakən rayonunun Qabaqçöl kəndində dəfn olunub.
ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə APA-ya açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər: "Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan "Sayqa" tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb".
Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.