Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. Bu barədə baki-xeber.com Prezidentin rəsmi internet saytına istinadən bildirir. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsərək zəngi səsləndirib. Daha sonra Prezident İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşərək tövsiyələrini verib: "Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.
Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilir. Həm xətt yenilənib, indi qatarlar yüksək sürətlə işləyəcək, həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Sonda yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlət başçısına təqdim edilib.