Avropa İttifaqı Ukrayna Ali Radasında baş verənlərdən ciddi şəkildə narahafdır. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Federika Mogerini bəyan edib. Onun sözlərinə görə, Konstitusiyaya dəyişikliyin birinci oxunuşda qəbul edilməsi "vacib addımdır” və "Minsk razılaşmasının reallaşmasına təkan verəcək”. Hazırda Aİ bir ildən gec olmayaraq bu düzəlişlərin qəbuluna ümid edir. "Bu proses zora dayanmamalıdır. Bu gün baş verənlər ciddi təşviş doğurur. Biz hüquq-mühafizə orqanı əməkdaşının həlak olmasına çox üzülürük və ailəsinə baş sağlığı veririk, eyni zamanda Ali Radanın qarşısında baş verən partlayışda xəsarət alanlara şəfa diləyirik” –deyə Avropa diplomatiyası başçısının bəyanatında deyilir.
Xatırladaq ki, bu gün Ukrayna Ali Radası "Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib. Bir nəfər həlak olub.