Qalmaqallı "Vikiliks” saytının yaradıcısı Julian Assanj Edvard Snoudenə Rusiyadan sığınacaq istəməyi özünün məsləhət gördüyünü deyib. Onun fikrincə, MKİ-nin keçmiş əməkdaşının Latın Amerikasında oğurlanması və öldürülməsi risqi çox yüksək imiş. Bu barədə baki-xeber RİA "Novosti”yə istinadən xəbər verir. "Times” qəzetinə müsahibəsində Assanj deyib:”Snouden sığınacaq almaq üçün Latın Amerikası ölkələrini nəzərdən keçirirdi, lakin mən ona Rusiyanı məsləhət gördüm. Çünki Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı kimi, onun bu ölkələrdə oğurlanması və öldürülməsi risqi çox yüksək idi”.
Edvard Snouden 2013-cü ildə "Washington Post” və "Guardian” qəzetlərinə ABŞ və Böyük Britaniya xüsusi xidmətlərinin bir sıra məxfi materiallarını təqdim etmişdi. Sonra isə əvvəlcə Honkonqa, daha sonra Moskvaya uçaraq, tranzit zona kimi Moskva aeroportunda qalmışdı. Rusiya Snoudenə ABŞ-a qarşı fəaliyyətinə son verməsi şərtilə bir illik sığınacaq vermişdi. 2014-cü il avqustun 1-dən Snoudenə hətta ölkə xaricinə çıxa biləcəyi şərtlərlə daha 3 illik yaşamaq icazəsi verilib.
Assanja gəlincə, o, 2006-cı ildə yaratdığı "Vikiliks” saytında məxfi materiallar dərc etməklə dünyanın gündəminə gəlib. 2010-cu ildə sayt 2007-ci ildə Amerika hərbçilərinin Bağdada hücumunu və dinc əhalinin ölümünü əks etdirən videomaterial yayıb. Eyni zamanda sayt Amerikanın diplomatik xarakterli 250 min məxfi sənədini gözlər önünə sərib.
Hazırda Assanj Ekvadorun Britaniya səfirliyində qalır.