Türkiyənin Şanlıurfa bölgəsində bu gecə polisə silahlı hücum olub. Balıklıgöl Dövlət Xəstəxanasının Təcili yardım xidmətindən çıxan polis maşını silahlı basqına məruz qalıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. Maşında olan iki polis məmuru, həkimlərin bütün səylərinə rəğmən, şəhid olub. Olay gecəyarısı baş verib. Polis maşınına kimlərin hücum etdiyi hələlik bəlli deyil. Onların tapançadan atəş açdığı bildirilir. Polislərə ilk tibbi yardım qarşısında olduqları xəstəxanada göstərilib. İlk müdaxilənin ardından Mehmet Akif İnan Egitim və Araşdırma Xəstəxanasına çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Hücum edənlərin yaxalanması üçün ərazidə əməliyyata başlanıb.
Daha bir acı xəbər isə Mardindən gəlib. Mardinin Qızıltəpə bölgəsinin İpəkyolu deyilən ərazisində PKK-çılar Çevik Polis Qüvvələrinin xidməti maşınına raketatanlardan atəş açıb. Avtomobili sıyırıb keçən mərminin yol kənarındakı mazut çəlləyinə dəyməsilə sonradan yanğına keçən güclü partlayış baş verib. Nəticədə, 10 nəfəri polis olmaqla, 24 nəfər yaralanıb.