Səbail Rayon Məhkəməsində "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb. "Report.az" saytı xəbər verir ki, C.Hüseynov məhkəmə zalına gətirilib. Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib. Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.
Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunub.