Putin qərarlıdır - müharibəni dayandırmayacaq...

Mətləb Salahov: “Ukrayna müharibəsi dramatik mərhələyə keçir – nəticələri olduqca dağıdıcı olacaq”
“2022-ci ilin fevralından başlayan Ukrayna müharibəsi artıq heç vaxt olmadığı qədər dramatik mərhələyə daxil olur. Qəribə görünsə də, bu zamana qədər süründürməçi proses halında davam edən bu qanlı münaqişə indi aktiv fazaya keçib. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin Ukraynadan sonra Avropa üçün hazırladığı qorxunc planlar barədə məlumatlar üzə çıxdıqca hərbi hücumlar daha dağıdıcı hal alıb. Bu proses onu göstərir ki, V.Putinin planları Ukrayna ilə məhdudlaşmayacaq. Avropanı qorxu içində saxlayan əsas məsələ də budur.”
Bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O bu qənaətdədir ki, əvvəllər ABŞ prezidenti Donald Trampın sülh səylərinə gülümsəməklə dəstək verən Rusiya lideri, artıq zarafatı və Avropa liderlərini ələ salmağı bir kənara buraxıb nəzərdə tutduğu planları sürətlə reallaşdırmaq istəyir. “Diqqət edin: son bir neçə həftə ərzində V.Putin şəxsi hegemoniyasını və müharibənin dinamikasını yüksəltməklə məşğuldur. Onun Ukrayna ilə kifayətlənməyəcəyini deyənlər getdikcə haqlı çıxırlar. Müharibəni dayandırmır, əksinə şiddətləndirir, sülh danışıqlarına az qala texniki heyəti göndərməklə bu danışıqların mənasız olduğuna işarə vurur, həttda keçmiş sovet ərazilərindəki NATO üzvü olan Baltikyanı ölkələri caynağına keçirməklə bağlı informasiya qorxusu yaradır. Açıq görünür ki, V.Putinin Rusiyanın gələcək hegemoniyası üçün böyük planları var. Onun hədəfi qəti Ukrayna ola bilməz.
Çünki bu müharibədə Ukrayna zavallı bufer zona kimi istifadə olunur. Əsas mübarizə Qərblə Rusiya arasında gedir və bu da o deməkdir ki, V.Putin Avropa üçün qorxunc “sürprizləri” Ukrayna məsələsindən sonra hərəkətə gətirəcək.”
Namiq Quliyev