Türkiyə parlamenti bu gün yeni sədrini seçəcək

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçiləcək. 5 namizədin yarışacağı seçkilər gizli səsvermə ilə keçiriləcək. Ədalət və İnkişaf Partiyası (AK Partiya) hazırkı TBMM sədri və İstanbuldan deputat Numan Kurtulmuşun namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) Artvindən deputat Uğur Bayraktutanın, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) Diyarbəkirdən deputat Osman Cengiz Çandarın, İYİ Partiya İstanbuldan deputat Mustafa Cihan Paçacının, Yeni Yol Partiyası isə Samsundan deputat Mehmet Karamanın adını namizədlər siyahısına yazdırıb.
İlk iki səsvermədə üzv sayının üçdə ikisi və üçüncü səsvermədə üzv sayının sadə çoxluğu tələb olunacaq. Üçüncü səsvermədə sadə çoxluq təmin edilməzsə, bu səsvermədə ən çox səs alan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs alan deputat TBMM sədri seçiləcək.
Mətləb