Laçından kimlərə tarixi mesajlar verildi?

Mətləb Salahov: “Üç qardaş və müttəfiq ölkə liderinin bəyanatları həm də bölgədə marağı olan supergüclərə “Azərbaycan tək deyil” xəbərdarlığı idi”
“Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi”.
Bu fikirləri “Bakı- Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, rəsmi Ankara və İslamabadın Cənubi Qafqazın müəyyənedici ölkəsi sayılan Azərbaycanla həmrəylik addımı, hər şeydən öncə dünya miqyasında artıq tamamilə yeni reallıqlar yarandığının sübutu oldu. “Diqqət edin: dünya siyasətində olduqca ciddi mövqe sahibi olan Türkiyə və Pakistanın bu gedişi bölgədə ciddi maraqları olan oyunçulara “Azərbaycan heç zaman tək buraxılmayacaq” xəbərdarlığı idi. Nüvə dövləti olan Pakistanın Cənubi Qafqazda Azərbaycana belə açıq dəstəyi, üstəgəl qardaş Türkiyənin ölkəmizə olan dsətəyini hər keçən gün gücləndirməsi bölgədə Azərbaycanı təkləmək üçün fürsət axtaranlara əməllicə dərs oldu. Son günlər Ermənistanı başına götürən revanşizm və separatçı çağırışlar qəti təsadüf sayıla bilməz. Bölgədə ciddi maraqları olan güclərin İrəvandakı separatizmi dirçəltmək üçün dəridən-qabıqdan çıxdıqları göz qabağındadır. Sülhdən danışıb İrəvandakı revanşistlərə sığal çəkən, ən son mayın 9-da Moskvaya qaçaraq Vladimir Putinin çətirinə sarılan Nikol Paşinyan hakimiyyəti də açıq şəkildə revanşistlərə meydan verməklə məşğuldur. Açıq görünür ki, hazırkı Ermənistan hakimiyyəti vaxtilə Adolf Hitlerin etdiyi kimi, sülh vədi verib gizlicə müharibəyə hazırlaşır. Məncə Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu.”
Namiq Quliyev