Ceyhun Məmmədov: “TDT-nin daha da güclü olması üçün türk dövlətləri arasında əlaqələr güclənməlidir, münasibətlər möhkəmlənməlidir”
Prezident İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən TDT-nin gələcək inkişafı, qarşıda duran hədəflər, məqsədlər barədə də danışıb: “...Təbii ki, bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir. Yenə də deyirəm, bunlar üçün bütün imkanlar var. Əgər olmasaydı, mən bu barədə danışmazdım...”
Prezident İlham Əliyev Türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşündə dedi ki, Türk Dövlətləri Təşkilatı təkcə mövcud olduğu coğrafiyada yox, qlobal miqyasda ən güclü siyasi təşkilatlarından birinə çevrilməlidir.
Bunun üçün nə lazımdı? Türk Dövlətləri Təşkilatının güclü siyasi təşkilata çevrilməsi nə demək olacaq və bunun üçün nə etmək lazımdır?
“Bu gün TDT-nin qlobal bir gücə çevrilməsi üçün...”
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, bu, Prezident İlham Əliyevin çox önəmli bir bəyanatıdır: “Həqiqətən də bu gün bu istiqamətdə fəaliyyətə, səylərə böyük ehtiyac var. Bu gün TDT-nin qlobal bir gücə çevrilməsi üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirilir, zəruru addımlar atılır. Xüsusən də bu istiqamətdə cənab Prezidentin addımlarını yüksək qiymətləndirməliyik.
Macarıstanda qeyri-rəsmi zirvə görüşünün keçirilməsi də bunun göstəricisidir. Hesab edirəm ki, TDT-nin daha da güclü olması üçün türk dövlətləri arasında əlaqələr daha da güclənməlidir, münasibətlər daha da möhkəmlənməlidir. Yəni əlaqələrimiz ən yüksək səviyyəyə, dərəcəyə qalxmalıdır. Bu ölkələrin iqtisadiyyatı çox güclənməlidir, hərbi gücləri artmalıdır, hərbi potensialı daha da möhkəmlənməlidir”.
C.Məmmədov qeyd etdi ki, eyni zamanda elm sahəsində daha da inkişaf etməlidirlər, elmə, biliyə, savada verilən dəyər daha da artmalıdır, daha da güclənməlidir. “Bu istiqamətdə davamlı səylər gücləndirilməlidir və addımlar atılmalıdır. Çünki hərbi güc, siyasi güc, iqtisadi güc, beynəlxalq fəaliyyət, davamlı addımlar o prosesə öz töhfəsini verəcək”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA