Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Müqavilənin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Özbəkistan mediasının yazdığına görə, 2024-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkənin münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoyub.
Aprelin 30-da Özbəkistan Senatı tərəfindən də ratifikasiya edilmiş bu sənəd ölkələrin bir-birinə qarşı yönəlmiş hər hansı blok və ya ittifaqlarda iştirak etməməsini ehtiva edir. Müqavilədə iki dövlət arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vuran hər hansı hərəkətlərdə iştirakdan çəkinmək kimi öhdəliklər də müəyyən edilib.
Mətləb Salahov