Mətləb Salahov: “MTK-ların əhalidən yığdıqları qanunsuz pullar ciddi narazılıq yaradır”
Son vaxtlar tikinti şirkətləri ilə bağlı xoşagəlməz hallar artmaqdadır. Xüsusilə qanunsuz şəkildə əhalinin şəxsi əmlakına qarşı kobud müdaxilələrin olması, sakinlərlə gərginlik yaranması, habelə dövlət qurumlarının rəsmi icazəsi olmadan bir sıra ərazilərdə hündürmərtəbəli binaların tikilməsi, Bakının arxitekturasına ciddi ziyan vuran addımların atılması bu məsələyə ictimai diqqəti artırıb. Jurnalist-ekspert Mətləb Salahov “Bakı xəbər”ə açıqlamasında bildirib ki, son illər tikinti şirkətlərinin özbaşınalığıl ciddi ictimai rezonans yaradıb. ”Bu şirkətlər, sözün əsl mənasında Bakının arxitekturasına divan tuturlar. Harda gəldi qanunsuz şəkildə tikilən binalar, tikinti qaydalarına qəti şəkildə əməl olunmaması, tikinti zamanı tələb olunan keyfiyyət standartlarının qulağardına vurulması haqlı hiddət doğurur. Min dəfə təəsüf olsun ki, Bakıda tikinti qaydalarından və şəhərin memarlıq üslubundan xəbərsiz bisavad adamlar əllərindəki pullara və bəzi “himayəçilərinə” güvənərək bərbadlıq yaradırlar. Bu binalar tikiləndən sonra isə əhaliyə qarşı bir başqa formada dələduzluq edilir. Mənzillərin real kvadratmetri ilə müqavilədə göstərilən kvadratmetr arasında kəskin fərqin yaranması, hər mənzildən əhaliyə 5-10 kvadrat arası kələk gəlinməsi, qanunsuz “komendant pulu” yığılması kimi hallar acı gerçəklikdir. Düşünürəm ki, tikinti və özəl mənzil sektorunda birbaşa dövlət nəzarəti çox sərt şəkildə artırılmalıdır. Bu baş verməzsə, hazırkı acınacaqlı hal daha ciddi fəsadlar yarada bilər”.
Namiq Quliyev