Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türk Dünyası İqtisadiyyat Fakültəsi tərəfindən təşkil edilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı mayın 16-da paytaxt Bakıda öz işinə başlayıb.
TİKA-nın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) və Türk Dünyası İqtisadiyyat Fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırış Samsun millət vəkili İlyas Topsakal, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TDAV sədri Közhan Yazğan, Türk Dünyasından akademiklər və tələbələr iştirak ediblər.
Birol Akgün açılış nitqində elmi tədqiqatların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əlaqələri gücləndirdiyini vurğulayıb: " Səfirlik olaraq bütün səviyyələrdə təhsil müəssisələrinin, akademiklərin, ziyalıların və Türkiyədən təhsil almaq üçün gələn təxminən 5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq,”.
İ.Topsakal isə Türk Dünyası İqtisadiyyat Fakültəsinin hələ “Türk Dünyası” anlayışının yeni-yeni elmi ədəbiyyata daxil olduğu dövrdə təsis edildiyini və bu fakültənin onun akademik karyerasında mühüm yer tutduğunu qeyd etdi. Topsakal bildirib: “Tarixdə də, bu gün də Türk Dünyasının elmi baxımdan ağırlıq mərkəzi Bakı olub. Fikirlər, elmi araşdırmalar burada toplanır, müzakirə olunur və Türk Dünyasına yayılır.”
Konfransa verdiyi dəstəyə görə TİKA-nın adından TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelikə təşəkkür plaketi Türkiyənin ölkəmizdəki səfiri professor, doktor Birol Akgün tərəfindən təqdim olunub.
Konfrans öz işinə mayın 17-də yekun vuracaq.
SAMİRƏ