Mətləb Salahov: “Bölgələrdə real gəlirli iş yerləri və sosial təminat yaradılmasa, paytaxta axın səngiməyəcək”
“Son illər bölgələrdən paytaxta üz tutan insanların çoxalması hesabına Bakıdakı əhali artımı artıq pik nöqtəyə çatıb. Bakıda hazırda faktiki olaraq 4 milyona yaxın insan yaşayır. Bu, Bakı kimi şəhər üçün böyük rəqəmdir. Çünki nə ərazisi, nə sosial-nəqliyyat infrastrukturu bu sayda əhalini qəbul etməyə imkan vermir. Bu gün paytaxtda əhali sıxlığı elə həddə çatıb ki, artıq təkcə yollarda deyil, həttda metro stansiyalarında da sıxlıq və tıxac müşahidə olunur. Bölgələrimizdə real və qənaətbəxş qazanc yerlərinin olmaması paytaxta kütləvi axını şərtləndirən əsas səbəbdir.” Bu fikirləri jurnalist-ekspert Mətləb Salahov “Bakı xəbər”ə açıqlamasında deyib. Onun fikrincə Azərbaycanın bölgələrində yerli əhalinin sosial rifahını və qazanc imkanlarını yüksəltmək üçün verimli torpaq sahələrini, təbii sərvətləri istehsal infrastrukturna çevirmək ən vacib məsələdir. M.Salahovun qənaətincə, bölgələrdə kənd təsərrüfatını gücləndirməklə yerli istehsalı artırmaq birbaşa yerli əhalinin sosiar rifahını yüksəldən əsas məsələdir.
Əlbəttdə, sənayeləşmə dövrü üçün iri şəhərlərə axın normal hal sayıla bilər. Hər kəs şəhərdə yaşamaq, daha yüksək gəlir yerləri əldə etmək, iqtisadi və maliyyə imkanlarını yüksəltmək istəyir. Xüsusilə texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə bu istək təbiidir. Lakin nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın bölgələrində yerli əhali dolanışıq üçün tək çıxış yolunu Bakıda iş axtarmaqda görür. Namiq Quliyev