Mətləb Salahov: “Görünən odur ki, Azərbaycanın qlobal güclərlə ittifaq qurduğu bir vaxtda Moskvanın Ermənistana tapşıracağı “çox mühüm işlər” olacaq”
“9 may hərbi paradına qatılan Nikol Paşinyan bu addımı ilə ilk əvvəl öz siyasi hakimiyyətinin qayğısına qaldığını, Avropalı siyasətçilərin vədləri ilə yanaşı Kremldəki Vladimir Putinin də “xeyir duasına” qulaq asacağını elan etmiş oldu. Onsuz da ağlı başında olan hər kəs əla bilir ki, yaradıldığı gündən Rusiyanın Cənubi Qafqazdakı nökər dövləti kimi ad çıxarmış Ermənistanı Moskvanın orbitindən tamamən çıxarmaq və Kremlin razılığı olmadan hakimiyyətdə uzun zaman oturmaq mümkünsüz məsələdir.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahovun fikrincə, hakimiyyətə gəldiyi gündən Qərbin siyasi təlxəyi kimi ad çıxaran N.Paşinyan uzun müddətdir ki, V.Putinin “nəfəsini” üzərində hiss etməyə başlayıb. “V.Putinin dostları sayılan və Ermənistanda on illiklər boyu korrupsiya və cinayət səltənəti yaratmış Serj Sarkisyan və Robert Köçəryan, habelə daşnak faşizminin yuvasına çevrilən Eçmiədzin Kilsəsi zaman-zaman baş nazirə təzyiq rıçaqlarını işə salırlar. Əlbəttdə ki, Moskvanın tapşırığı ilə. Nikol Vavayeviçin Kremldəki tədbirlərdə özünü Rusiya rəhbərinə yaxın şəxs kimi hiss etdirməsi, bu səfərdən öncə qeyd etdiyimiz kimi, daha çox öz hakimiyyətinin təhlükəsizliyi üçün Moskvadan “dobro” almaq istəyi ilə bağlıdır. Çünki Donald Trampın bütün Avropa liderlərini “iki qəpiklik” edib rəzilə çevirdiyi bu günlərdə erməni baş nazirin V.Putinə sığınması sürpriz hadisə sayılmamalıdır. Əlbəttdə V.Putin N.Paşinyanın 9 may paradı üçün Moskvaya getməsini bir şəkildə “qiymətləndirəcək”. Bu “qiymət” N.Paşinyanın nəzərdə tutduğu kimi olacaq, ya başqa formada, bunu zaman göstərəcək. Amma görünən odur ki, Azərbaycanın qlobal güclərlə ittifaq qurduğu bir vaxtda Moskvanın Ermənistana tapşıracağı “çox mühüm işlər” olacaq...”
Namiq Quliyev