Mətləb Salahov: “İri dövlətlərin Türkiyəyə qarşı “kürd kartı”ndan imtina edəcəkləri ağlabatan deyil”
“1984-cü ildə yaranan və uzun illərdir Türkiyəyə qarşı terror mübarizəsi aparan PKK təşkilatı özünü buraxdığını elan edib. Abdullah Öcalanın müraciətindən sonra təşkilatın rəsmən özünü buraxması reallaşsa da, bu prosesin necə yekunlaşacağı hələ naməlumdur.” Bu barədə “Bakı xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov bu qənaətdədir ki, PKK timsalında silahlı mübarizə dayandırılsa da, siyasi təşkilatlar formatında Türkiyəyə təzyiq davam etdirilə bilər. “Əlbəttdə, 41 illik terror təşkilatının özünü buraxması, ilk növbədə “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələdir. İlk növbədə ona görə ki, bu terror təşkilatının minlərlə günahsız Türkiyə vətəndaşının, əsgər və polisin ölümündə birbaşa əli var. Silahlı terror təşkilatının özünü buraxması müsbət hadisəsdir. Lakin vəd edilən proses tamamilə baş tutacaqmı?Çünki əsas məsələ edilən vəd deyil, vədin icrasıdır. Bundan başqa, Türkiyənin dünya siyasətində güclü ölkəyə çevrildiyi bir mərhələdə bölgədə maraqları olan iri dövlətlərin rəsmi Ankaraya qarşı “kürd kartı”ndan imtina edəcəyi və özünü buraxan PKK-nın siyasi qanadını dəstəkləməyəcəyi ağlabatan deyil.”
Namiq Quliyev