Britaniya hökuməti, uşaqların bıçaq əldə etməsinin qarşısını almaq məqsədilə pərakəndə satış məntəqələrində yoxlama prosedurlarını sərtləşdirməyə qərar verib. "Reuters" agentliyinin xəbərində deyilir ki, bu qərar Sautport şəhərində rəqs dərsində üç uşağı qətlə yetirən yeniyetmənin ötən həftə məhkəmədə günahını etiraf etməsindən sonra qəbul edilib.
Baş nazir Kir Starmer, ötən ilin iyul ayında Aksel Rudakubananın törətdiyi bıçaqlı hücumu Britaniya tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirib və bu faciənin baş verməsinə səbəb olan nöqsanların araşdırılması üçün ictimai istintaq başladılıb. Nəticədə bıçaq satışına dair tənzimləmələrə diqqət yönəlib.
Mövcud qanunvericiliyə əsasən, Britaniyada pərakəndə satıcılar 18 yaşdan aşağı şəxslərin bıçaq almasının qarşısını almaq üçün yaş yoxlama sisteminə malik olmalıdırlar. Lakin bu sistemlərin bəzi aspektləri dəqiq müəyyən edilməyib.
Mətləb Salahov