KKTC Cumhuriyyət Məclisinin sədri Zorlu Töre TÜRKPA-nın 13-cü Plenar İclasında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdədir. Parlament sədrinin rəsmi dəvəti ilə Bakıya gələn, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş 13-cü Plenar İclasında iştirak edəcək Sayın Cumhuriyyət Məclisi sədri Zorlu Töre və nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava limanında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan - KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, TÜRKPA baş katibi Mehmet Süreyya Er və KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer tərəfindən qarşılanıb.
Moderator.az xəbər verir ki, Məclis Başqanı Azərbaycanda olmaqdan çox xoşbəxt olduğunu və həsrətində olduqları görüşlərdə iştirak edəcəyini bildirib. Dövlətlərimiz arası münasibətlərdə mədəni-ictimai, sosial-siyasi gəlişmələrin daha parlaq olacağına inandığını ifadə edən Zorlu Töre qeyd edib ki, gözləntiləri KKTC-nin TÜRKPA-ya tamhüquqlu üzv olmasıdır. Türk dövlətləri ilə əlaqələrin artacağını gözlədiklərini deyən Sayın Məclis Başkanı "Azərbaycanın bu mənada açar ölkə olduğunu" bildirib.
Qardaş Azərbaycan xalqına salamlarını çatdıraraq, "Birliyimiz daha da möhkəmlənəcək" deyən Zorlu Töre ölkələrimizin arasında münasibətlərin mütərəqqi inkişafına böyük inamını ifadə edib. Milli Məclisin deputatı, Azərbaycan - KKTC Parlametlərarası Dostluq Qrupunun sədri Dr. Cavanşir Feyziyev çıxışında xüsusi bir məqamı diqqətə çatdırıb ki, "İki ölkənin parlamentlərində Dostluq qrupu yaradılandan sonra ilk dəfədir ki, Cümhuriyyət Məclisinin sədri Bakıya səfərə gəlir. KKTC parlamentinin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Cavanşir Feyziyev iki ölkə parlamentləri arasında əlaqələrin daha da artacağına inandıqlarını" vurğulayıb.
Xatırladaq ki, Zorlu Törenin rəhbərlik etdiyi nümayəndə heyətinə Ulusal Birlik Partiyasının millət vəkili İzlem Gürçağ Altuğra, Cumhuriyetçi Türk Partiyasının millət vəkili Fide Kürşat və Cumhuriyyət Məclisi özel kalem müdürü İrem Uygun daxildir.
Xəyalə Zərrabqızı